Xəbər verdiyimiz kimi, Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anasının yaşadığı evə bıçaqlı hücum olub. 

"Unikal"ın məlumatına görə, şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəhidin xanımı ilə əlaqə saxlayıb. 

"Biraz əvvəl şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxladım, baş vermiş hadisənin detallarını öyrəndim. Ailə çox pərişan və məyusdur. Hadisə gecə olub. Şəhid anasının 72 yaşı var.

Şəhidimizin xanımı da hərbçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını da tez-tez ziyarət edə bildiyini deyib", - deyə E.İslamoğlu bildirib. 

Şəhidin xanımının sözlərinə görə, Telman Kəlbiyevin anası şəhid üçün verilən təqaüdü toplayaraq şəhidin ildönümünə hazırlaşıb:

"Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözüyaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi".