Azərbaycanın Ankaradakı səfirliyi azərbaycanlı diplomatların aldadılması ilə bağlı Türkiyə mətbuatında yer alan məlumatlara münasibət bildirib.

"Unikal"ın məlumatına görə, səfirlikdən haqqin.az-a bildirilib ki, həmin şəxslərin Azərbaycanın Türkiyədəki səfirliyi və ya baş konsulluğu ilə heç bir əlaqəsi yoxdur:

“Biz bu hadisədən xəbərdarıq, lakin zərərçəkənlər Türkiyədəki beynəlxalq təşkilatların əməkdaşlarıdır”.

Səfirlikdən qeyd edilib ki, adıçəkilən diplomatlar bir neçə il əvvəl işlədikləri beynəlxalq təşkilatın işinə aidiyyatı olmayan şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayələri etmək qərarına gəliblər və xəbərlərdə elan olunan vəsaitin yalnız bir hissəsini itiriblər.

Hazırda həmin şəxslərin iddiası əsasında məsələ aidiyyəti hüquq-mühafizə orqanları və Türkiyə məhkəməsi tərəfindən nəzarətə götürülüb və istintaq mərhələsindədir.

Qeyd edək ki, dünən Türkiyə mediasında ICRYPEX kriptovalyuta şirkətinin sahibi və rəsmisi Gökalp İçerin azərbaycanlı diplomatlara qarşı təxminən 350 min dollar dələduzluq etməsi barədə xəbərlər yayılmışdı.