İrəvan faktiki olaraq Şimali Makedoniyada keçirilən ATƏT Nazirlər Şurasının KTMT çərçivəsində keçirilən görüşünü boykot edib.

"Unikal" xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirliklərinin nümayəndələrinin Skopye görüşündə Ermənistan tərəfdən heç kim iştirak etməyib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Bundan əvvəl məlum olub ki, Şimali Makedoniyanın paytaxtında təşkilata üzv dövlətlərin Xarici İşlər Nazirliyinin nümayəndələri ATƏT Nazirlər Şurası çərçivəsində iclas keçiriblər. Beynəlxalq gündəlikdəki bir sıra cari məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etmişdi. Ermənistan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri, həmçinin Ermənistan parlamentinin spikeri də təşkilatın tədbirlərində iştirak etməmək qərarına gəliblər.