Rusiyada polis yüksək rütbəli məmurun qətlində, eləcə də digər oxşar hadisələrdə əli olan mütəşəkkil cinayətkar qruplaşmanın lideri və üzvlərini saxlayıb.

"Unikal" xəbər verir  ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka məlumat yayıb.

Onun sözlərinə görə, mütəşəkkil cinayətkar qrup 90-cı illərin sonlarında meydana çıxıb. Buraya hərbçilər, polislər və mülki şəxslər qoşulub. Ehtimal olunur ki, 1998-ci ildən indiyədək dəstə Moskvada və Rusiyanın bir sıra digər regionlarında sifarişli qətllər və adam oğurluğu təşkil edib və həyata keçirib.

İstintaq hesab edir ki, dəstə 30-dan çox cinayət, o cümlədən 2002-ci ildə Odintsovoda dəmir yolları nazirinin müşavirinin qətlini, 2003-cü ildə Dövlət Duması aparatının məsləhətçisinin həyatına sui-qəsd təşkil ediblər. 

Qeyd olunur ki, mütəşəkkil cinayətkar qruplaşmanın lideri uzun müddət Ukraynada yaşayıb  və orada yaşamaq icazəsi alıb. 2023-cü ilin yazında o və daha altı dəstə üzvü saxlanılıb. Daha sonra təhlükəsizlik qüvvələri daha 8 nəfərin cinayətlərdə iştirakını müəyyən etməyə nail olub. Saxlanılan şəxslərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib.

Gülayə Mecid