Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I tədris ili tələbələri arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman gimnastikası üzrə "Rektor kuboku" yarışı baş tutub.
"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev Ulu öndər Heydər Əliyevin idmana və idmançılara olan diqqətindən, eləcə də son illər ölkəmizdə aparılan uğurlu təhsil və idman siyasətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
ASAPES-in Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin 120 tələbəsinin 8 komanda şəklində mübarizə apardığı yarışda komandalar işğaldan azad olunmuş şəhər və royanlarımızın (Şuşa, Xocalı, Kəlbəcər, Laçın, Zəngilan, Ağdam, Cəbrayıl, Füzuli) adları ilə adlandırılıb.
Qeyd edək ki, tələbələr yarışda gimnastikanın üç aləti üzərində (akrobatika, halqalar və turnikdə) öz güclərini sınayıblar. Sonda iştirakçılara mükafatlar və qalib komandaya “Rektor kuboku” təqdim olunub.