Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (DTA) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü" çərçivəsində keçirilən tədbir günlərində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və müvafiq struktur təmsilçilərinin  iştirakı ilə Pakistan İslam Respublikasında fəaliyyət göstərən Riphah Qonaqpərvərlik və Mətbəx Sənətləri İnstitutunun rəhbəri Athar Jameel,o cümlədən Qazaxıstan Respublikasındakı Beynəlxalq Qonaqpərvərlik və Turizm Universitetinin səlahiyyətli  nümayəndələri arasında işgüzar görüşü olub.

"Unikal" xəbər verir ki, rektor İ.Mədətov Pakistan İslam Respublikasında və Qazaxıstanda fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri ilə görüşündə ATMU-nun yaranma tarixi,prioritetləri,təhsil imkanları, beynəlxalq əlaqələrin dinamik inkişafı,ikili diplom proqramları,dünyanın nüfuzlu otellərində təcrübə imkanlarından danışıb. O cümlədən adıçəkilən qardaş ölkələrin universitetləri ilə də müvafiq əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.