Portuqaliya prezidenti Marselo Rebelo de Seuza korrupsiya qalmaqalı ilə bağlı baş nazir Antonio Kostanın istefası ilə əlaqədar ölkə hökumətinin istefaya getdiyini açıqlayıb. 
"Unikal"
xəbər verir ki, bu barədə “Europeiskaya Pravda” Portuqaliya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ölkə hökumətinin istefası ilə bağlı qərar cümə günü, dekabrın 8-də qüvvəyə minib.

Yeni kabinet formalaşana qədər indiki hökumət fəaliyyətini davam etdirəcək, lakin onun səlahiyyətləri yalnız “hökumət işlərinin təmin edilməsi üçün son dərəcə zəruri olan əməliyyatları” həyata keçirməklə məhdudlaşacaq.

Xatırladaq ki, noyabrda Portuqaliya prezidenti litiumun istismarına icazələrin verilməsi ilə bağlı korrupsiya qalmaqalı fonunda baş nazir Antonio Kostanın istefasından sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə məlumat vermişdi.

Portuqaliyada aparılan istintaq çərçivəsində keçmiş baş nazir Kostanın və iki nazirliyin iqamətgahında axtarışlar aparılıb. Baş nazirlər kabinetinin rəhbəri Viktor Eskariya və Kostaya yaxın iş adamı Dioqo Laserdo Maçado həbs edilib.