"Hazırda Qəzzada 70-dən çox media əməkdaşı ölüb. Dünya haradadır? Bəs o məşhur media orqanları haradadır? Niyə qətlə yetirilən mətbuat mənsubları ilə bağlı manşetlərə çıxmırlar? ABŞ-nin o məşhur qəzetləri, İngiltərənin o məşhur qəzetləri niyə susur? Fransa və Almaniyanın məşhur qəzetləri haradadır? Onların heç biri səsini çıxarmır".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT World Forumunda çıxışında deyib.

"Qəzzada baş verən qırğınlar bizə ədalətli və vicdanlı mətbuatın vacibliyini öyrətdi. İsrail Qəzzada təkcə qadın və uşaqları deyil, mətbuat nümayəndələrini də öldürüb və öldürməkdə davam edir. İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayı 70-dən çoxdur. Beynəlxalq media qurumlarının bu mənzərəni qəbul etməsi daha pisdir. Hər gün bir jurnalist qətlə yetirilir, amma bizə mətbuat azadlığından danışan qurumların heç biri heç nə demir. Əsas odur ki, bu gün məzlumların, qurbanların fəryadını eşidə bilək. TRT, Anadolu Agentliyini və digər media qurumlarımızı ürəkdən təbrik edirəm. Mən İsrailin yalanlarla dolu təbliğat maşınına qarşı onların dezinformasiya ilə mübarizə səylərini yüksək qiymətləndirirəm. Anadolu Agentliyindən şəhidlərimiz var. Burada veteran və yaralı operatorumuz var. Bir operator gedir, min operator qayıdır. Əsas yalanları üzə çıxarmaq və bütün bəşəriyyətə çatdırmaqdır. Qəzzalıların müqavimət əzmini qıra bilməyən İsrail mediadakı təbliğat savaşında da uduzur".