“Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı ittiham olunan Cavad Muradov və Şamxal Məmmədovun növbəti məhkəmə iclası keçirilib.
"Unikal" xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə işə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılıb.
İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.
Bu iş üzrə zərərçəkən şəxslər Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadədir.
İclasda çıxış edən C.Muradovun vəkili Vüqar Kazımov və Ş.Məmmədovun vəkili İlqar İsmayılov vəsatət qaldıraraq hakimə etiraz ediblər. Vəkil İlqar İsmayılov bildirib ki, bu məsələ ilə bağlı 2 fərqli cinayət işi var və onların hər ikisinə eyni hakim baxır. Ona görə də bu iş başqa hakimə verilməlidir.
Digər vəkil Vüqar Kazımov da vəkil həmkarının etirazı ilə razı olduğunu qeyd edib. Onun sözlərinə görə, hakimin özünə etiraz etməsi üçün əsaslar var.
"Azərbaycan Respublikası CPM-in 30-cu maddəsində nəzərdə tutulub ki, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir. Hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildirmişsə, onda o, bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur, bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur" , - deyə vəkil vurğulayıb.
İş üzrə zərərçəkən şəxslərin vəkilləri isə bu vəsatətə etiraz ediblər və hakimin dəyişdirilməsinə zərurət olmadığını bildiriblər.
Hakimə qərar vermək üçün prosesi dekabrın 21-nə kimi təxirə salıb.
Daha sonra hakim digər cinayət işi üzrə məhkəmə iclasını keçirib.
Bu işdə isə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib. Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.
Bu iş üzrə isə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar. Elnur Məmmədov prosesdə iştirak etməyib.
Bundan əvvəlki iclasda müstəntiqin dindirilməsi ilə bağlı vəsatət qaldırılıb. Belə ki, əvvəlki iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Onun sözlərinə görə, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.
Bugünkü iclasa müstəntiq gəlməyib. Hakim M.Ə-yə bildirib ki, o, Ceyhun adlı müstəntiqin ondan ifadə aldığını bildirib.
"Ceyhun adlı 2 müstəntiq var. Siz onun soyadını dəqiq demədiyiniz üçün biz hansı olduğunu müəyyən edə bilmirik", - deyə hakim qeyd edib.
İttiham olunan şəxslərin vəkilləri müstəntiqin gəlməsinə ehtiyac olmadığını bildiriblər.
Prokuror Amin Şəkərəliyev isə müstəntiqin iclasda iştirakının zəruri olduğunu və ona suallarının olduğunu söyləyib.
Sənədlərin tədqiqi davam etdirilib. Hakim cinayət işində olan videoya baxılmasını təklif edib. Vəkillər buna da ehtiyac olmadığını qeyd ediblər və bildiriblər ki, həmin videomaterial sosial şəbəkədə yayılıb və hamı onu görüb.
Bu iş üzrə isə məhkəmə iclası dekabrın 19-na kimi təxirə salınıb.
Qeyd edək ki, məhkəmə işində adı keçən Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.
Anar Kəlbiyev