Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.

Bu barədə "Unikal"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.

Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.

 

Sənədə əsasən, Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə, bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikasının region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq, Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq, Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək, “Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığı nəzərə alınıb.

 

Qeyd edək ki, kommünikeni nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstan Respublikasının Energetika Nazirliyi, nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının Energetika Nazirliyi, nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Energetika Nazirliyi imzalayıblar.

Xatırladaq ki, 14 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində iclas keçirilib. Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.