Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından "Unikal"a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində reallaşan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Üç gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.
Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında 73 kiloqram, 100 kiloqram və +100 kiloqram, qadınlar arasında isə 57 kiloqram, 78 kiloqram və +78 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son nəticəsinə əsasən, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə "Atilla" İdman Klubu, 2-ci yerə "Neftçi" İdman Klubu, 3-cü yerə isə "Cüdo Klub 2012" layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.