İsrail ordusu Qəzzada hökumətin Media İdarəsinin qərargahını və ona bağlı mətbuat təşkilatını bombalayıb.

"Unikal" xəbər verir ki, Fələstin Media Ofisindən verilən yazılı açıqlamada, İsrail döyüş təyyarələrinin qərargah binası və Er-Ray Xəbər Şəbəkəsinin Qəzza ofis binasının bombalanması pislənilib.

Bəyanatda qeyd edilib ki, binaların atəşə tutulması "Təl-Əviv rəhbərliyinin Qəzza hökumətini qorxutmaq, İsrailin qadın və uşaqlara qarşı cinayətlərinin ictimaiyyətlə paylaşılmasının qarşısını almaq və həqiqəti ört-basdır etmək üçün həyata keçirdiyi əbəs cəhddir".

Bəyanatda qeyd olunub ki, İsrail oktyabrın 7-dən bu yana Qəzzaya qarşı apardığı soyqırım müharibəsində 97 jurnalisti öldürüb, 8-ni həbs edib, onlarla jurnalisti yaralayıb: “Bu, mətbuat sahəsində çalışan hər kəsin hədəf olduğunu və qəsdən bir dairəyə girdiyini göstərir”. 

Bəyanatda bütün media qurumları, mətbuat birlikləri, insan haqları təşkilatları və hüquqi qurumlar Fələstin mətbuatı və mediasına qarşı davam edən bu cinayətləri pisləməyə çağırılıb.