Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
"Unikal" xəbərverir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.
“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.
Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.
Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.
Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.
Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.