Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları 65 m² sahədə, 19-cu mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin döşəməsi 2 m² sahədə yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

01:12

Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 01 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumat üzrə aidiyyatı dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub.

Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.

***00:46

Paytaxtda Yeni ili qarşılamaq üçün atılan fişəng çoxmərtəbəli binada yanğına səbəb olub. 

"Unikal"ın məlumatına görə, hadisə Xətai rayonunda, Xətai Park yaşayış kompleksində baş verib. 

18-ci mərtəbədə başlayan yanğına FHN əməkdaşları müdaxilə edir. 

Ağarza Elçinoğlu