Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil bürosunun üzvü Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.

O, dostu ilə sonuncu dəfə cümə günü vatsap vasitəsilə danışdığını bildirib.

"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, qeyd edib.

Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:

"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."

xxx

21:00

“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.

"Unikal" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib:

“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

Vəkillər Kollegiyasının sədri Zaur Məmmədovun mərhumun yaxınlarına başsağlığı verib.

20:07

Vəkil Zaur Məmmədov intihar edib.

“Unikal" qafqazinfo -ya istinadən xəbər verir ki,  Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.