Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Səfir Katsuya Vatanabe Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitonun Yaponiya-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı arzusunu dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev minnətdarlığını bildirərək, onun da xoş arzularını Yaponiyanın İmperatoruna çatdırmağı xahiş edib.

Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərin 30 ildən artıqdır ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirib, qarşıdan gələn illərdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti ilə görüşdən böyük şərəf hissi duyduğunu deyən Katsuya Vatanabe xoş sözlərə görə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında dostluq və xoş münasibətlərin mövcud olmasında dövlətimizin başçısının rolunu xüsusi qeyd edib.

Səfir COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib və qeyd edib ki, yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.

Katsuya Vatanabe öz növbəsində qeyd edib ki, ölkəsi yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Səfir Alain de Muyser Lüksemburqun Azərbaycanda akkreditə edilən ilk səfiri olmasından məmnunluğunu bildirərək, bu təyinatın və səfir kimi fəaliyyətinin ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eyni zamanda, insanlar arasında təmasların artmasına xidmət göstərəcəyini qeyd edib.

Prezident İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun səfirinin Azərbaycanda akkreditə olunmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının zəruriliyini bildirib. Alain de Muyserin səfir kimi əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti ona fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı surətdə məlumatlandırmanın və iqtisadi təmasların artırılmasının vacibliyi qeyd olunub.

Səfir COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərarla bağlı təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Yaşıl enerjiyə keçid, yüksək və kosmik texnologiyalar sahələrində Lüksemburqun zəngin təcrübəyə malik olduğunu deyən səfir bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib. O, Lüksemburqun əsas daşıma şirkəti olan "Cargolux" ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında bank, maliyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Sezar Auqusto de las Kasas Dias Peru Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Səfir ölkəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim sadiq olduğunu və buna xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu xüsusda Perunun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini diqqətə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın da dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim böyük əhəmiyyət verdiyini, ölkələrimizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb.

Beynəlxalq hüququn prinsiplərinin eyni zamanda Qoşulmama Hərəkatının əsas prinsipləri olduğunu vurğulayan dövlət başçısı ölkəmizin 4 ildir bu hərəkata fəal şəkildə sədrlik etdiyini deyib, ölkələrimizin bundan sonrakı illərdə də bu mühüm beynəlxalq institutun önəminin daha da artırılması istiqamətində birgə səylər göstərəcəyinə ümidvarlığını bildirib. Azərbaycan Prezidenti, həmçinin digər beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də beynəlxalq hüququn fundamental prinsiplərinin hökm sürməsi istiqamətində birgə fəaliyyətlərinin davam etdirilməsinin də zəruriliyini qeyd edib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, ölkəmizin 30 ildən çox idi Ermənistan tərəfindən sərhədlərinin pozulduğunu və torpaqlarının işğal olunduğunu deyən dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun olaraq gücdən istifadə edərək ədaləti özünün bərpa etdiyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir xüsusilə Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar nəzərə alınaraq bu sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Səfir ölkəsinin arxeologiya və mədəniyyət abidələrinin qorunması sahəsində təcrübəyə malik olduğunu deyərək, bu istiqamətdə də əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Peru arasında ticarət dövriyyəsinin artırılmasının, iqtisadi münasibətlərin fəallaşdırılmasının vacibliyi qeyd edilib, bu xüsusda iki ölkənin biznes dairələri arasında əlaqələrin yaradılmasının zəruriliyi bildirilib.

Görüşdə sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran investisiya layihələrinin müəyyən edilməsinə, bu xüsusda ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə dair fikir mübadiləsi aparılıb.