Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

"Unikal" xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

*** 18:03

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

*** 17:30

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.