Rüfət Aslanlının komitəsinin adı səhmdarlarla qovğada
04:00 11-04-2012
İQTİSADİYYAT
Rüfət Aslanlının komitəsinin adı səhmdarlarla qovğada
"Bakı Universal Maşınqayırma" ASC ətrafında baş verən qanunsuzluqların pərdəarxasında nələr var?
Son vaxtlar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri mülkiyyət hüquqlarının qorunması ilə bağlıdır. Məsələ burasındadır ki, ölkədə mal güvənliyi ilə bağlı böyük bir panik yaşanır. Sıravi vətəndaşların hər cür əmlakları - evlərindən tutmuş, müxtəlif digər obyektlərəcən davamlı şəkildə əllərindən alınır, uçurulur, bunun əvəzi isə layiqli kompensasiya ilə ödənilmir.
Məsələnin ən qəbulolunmaz tərəflərindən biri də odur ki, Azərbaycanda mülkiyyət hüquqları yaxşı qorunmadığı üçün təkcə sıravi vətəndaşlar yox, investorlar da əziyyət çəkir. Onların illərcə əziyyət çəkib qoyduqları sərmayələr bir andaca, çox asanlıqla yox edilir, gəlirlərini artırmaq istədikləri halda bir andaca əllərində-ovuclarında olanı da itirirlər.
Bunda əsas baiskar isə heç şübhəsiz, bir çox dövlət qurumlarıdır. Ölkə başçısının ölkədə müstəqil sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində yetərincə tapşırıq və göstərişləri olmasına rəğmən, hələ də bəzi dövlət qurumları və onların rəhbərləri bildiyi kimi rəftar edir, iş adamlarını incidir, onları hökumətdən narazı salırlar.
Dünən redaksiyamıza haqqında bəhs etdiyimiz mövzuda yeni xəbər daxil olub. Həmin xəbərin "baş qəhrəmanları" isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Milli Depozit Mərkəzidir. Yaxşısı budur gəlin əvvəlcə xəbərin detalları ilə yaxından tanış olaq.
Daxil olan məlumatlara görə, "Bakı Universal Maşınqayırma" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarları bu yaxınlarda növbəti hüquq pozuntusu ilə üzləşiblər. Söhbət ondan gedir ki, aprelin 8-də səhmdarlar bildiriş alıblar ki, onların səhmlərinin ləğvetmə qiyməti "EvroBank"da açılan hesaba ödənilib.
Səhmdarlardan məsələ ilə gələn iddialarda həmçinin bildirilir ki, ASC-nin ümumi yığıncağı 14 fevralda ləğvetmə balansının təsdiqi barədə qərar qəbul edib. "Ləğvetmə komissiyasının sədri Şahin Rəfiyev səhmdarlara deyib ki, qiymətləndirmə komissiyası əmlakı qiymətləndirib. Bir səhmin qiyməti 2 manat 15 qəpikdir" - deyə bu barədə məlumatlarda xüsusi olaraq vurğulanır.
Amma məsələ burasındadır ki, bu, Mülki Məcəlləyə ziddir. Çünki qanunvericiliyin tələblərinə əsasən, ümumi yığıncaq səhmdarların əmlakını bölə bilməz. Səhmdarların sözlərinə görə, Mülki Məcəlləyə görə, hüquqi şəxs ləğv ediləndən sonra əmlak mülkiyyətçilərə verilməlidir.
Araşdırmalar nəticəsində isə müəyyən edilib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Milli Depozit Mərkəzi "Bakı Universal Maşınqayırma" ASC-ni ləğv edib və səhmlərini dövriyyədən çıxarıb. Mövcud qanunvericiliyə görə, səhmlər bu barədə qərar çıxarılandan və öhdəliklər ödəniləndən sonra dövriyyədən çıxarıla bilər. Yəni açıqca görünür ki, adıçəkilən ASC üzrə qiymətli kağızlar üzrə öhdəliklər yerinə yetirilməyib.
Redaksiyamıza daxil olan iddialarda eyni zamanda o da qeyd edilir ki, "Bakı Universal Maşınqayırma" ASC-nin ləğvi formal xarakter daşıyır və Heydər Əliyev prospektinin təmizləməsi ilə bağlı köçürülmə işləri ilə əlaqədardır. Sözügedən Açıq Səhmdar Cəmiyyət Bakı Kondisioner Zavodunun ərazisində fəaliyyət göstərir.
Eyni zamanda maraqlı məqamlardan biri də odur ki, "Bakı Universal Maşınqayırma" ASC-nin ləğvi sonda onun aktivlərinin bir şəxsin - Əşrəfağa Hacıverdiyevin əlində toplanmasına gətirib çıxarıb. Həmin şəxsin iri məmurlardan kiminləmsə yaxınlığı istisna edilmir. Amma bu barədə ortada konkret iddia və dəlillər olmadığından əlavə nə isə yazmağı doğru saymırıq.
Qeyd edək ki, indiyədək bir qayda olaraq Açıq Səhmdar Cəmiyyətlərlə bağlı qanunsuz hərəkətlərə yol verilməsində Əmlak Məsələləri Dövlət Komitəsinin adı daha çox hallanırdı. Amma indii Kərəm Həsənovun rəhbərlik etdiyi qurumla bərabər Rüfət Aslanlının sədri olduğu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin də adının səhmdarlara qarşı qeyri-qanunsuz hərəkətlərdə keçməyə başlaması çox düşündürücüdür. Ölkə rəhbərliyinin sahibkarlara qarşı qanunsuz müdaxilələrdən çəkinmək və onların haqlarını qorumaq yönündə açıq iradəyə sahib olduğu, bunu hər addımda dilə gətirdiyi bir vaxtda adıçəkilən komitənin davranış biçimi əlbəttə, təəssüf doğurur.
Eyni zamanda da təəccüb yaradır - digər iri oliqarx-məmurları başa düşdük, bəs Rüfət Aslanlı kimi hakimiyyət içində yetərincə güclü, həlledici təsir imkanlarına malik olmayan bir komitə sədrinin rəhbərlik etdiyi qurum sahibkarları incidəcək, onları narazı salacaq addımlar atmaq cəsarətini haradan alır, görəsən?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42