Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqramda qeyd olunub.

Məlumata görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrindən ibarət kartel yaratmağı təklif edib.

Bununla belə, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasını qeyd etməyib.

Bundan əvvəl SSRİ-nin dağılacağını proqnozlaşdıran fransız tarixçisi Emmanuel Todd demişdi ki, Rusiya Qərb ölkələrinə hücum etməyi planlaşdırmır, çünki onun hərbi doktrinası ciddi müdafiə xarakteri daşıyır. Lakin NATO ölkələrinin demoqrafik və əhali baxımından üstünlüyünü nəzərə alaraq, Rusiyaya təhlükə yaranarsa, onun xalqı və dövləti taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gələ bilər.