"Azərxalça" ASC-nin sabiq sədri, ev dustaqlığında olarkən dünyasını dəyişən Vidadi Aydın oğlu Muradovun əmlaklarının üzərinə qoyulan həbsin götürülməsilə bağlı məhkəmə prosesi keçiriləcək.
“Unikal”ın məlumatına görə, proses yanvar ayının 30-da Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək. Məlumatı dünyasını dəyişən Vidadi Muradovun vəkili Vüqar Babayev də təsdiq edib.
Qeyd edək ki, Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. Həmin ilin sentyabrında məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb, noyabrın 5-də isə 65 yaşında evində vəfat edib.
V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.
Xatırladaq ki, Vidadi Muradovun oğlu Cavid Muradov Mingəçevir şəhər Polis Şöbəsi, Səbail Rayon Polis İdarəsinin rəisi işləyib. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.
Azər İsrafilov