“Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm”.
"Unikal" xəbər verir ki, bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.
Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.
Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri “Sabah”la görüşün 1-ci hissəsində baş verib. Belə ki, “Zirə”nin futbolçusu Eldar Quliyevin qolu VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.
Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların “Zirə”nin qarşılaşmalarında daimi hal aldığını bildirib.
Maraqlıdır ki, qalmaqallı epizodun davamında “Sabah” futbolçuları əks-hücum təşkil edərək penalti qazanıblar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sofian Çakla isə qonaqlara yekunda 1:0 hesablı qalibiyyət gətirib.
Qəribə hakim qərarlarından biri 19-cu turda “Səbail”lə görüşdə də qeydə alınıb. 78-ci dəqiqədə qartalların üzvü Rüstəm Əhmədzadə rəqibin cərimə meydançasında yerdə qalsa da, VAR-a baxan baş hakim Fərid Hacıyev “Səbail”in kapitanı Adil Nağıyevə nə sarı vərəqə göstərib, nə də 11 metrlik nöqtəyə işarə edib.
Bu tipli hadisələr 18-ci turun mərkəzi oyunu olan “Qarabağ” - “Zirə” görüşündə də diqqəti cəlb edib. 26-cı dəqiqədə köhlən atların üzvü Julio Romao və İsmayıl İbrahimli arasında mübarizədə braziliyalı futbolçunun kobud oyunu referi tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Elə həmin görüşün 75-ci dəqiqəsində isə Elvin Cəfərquliyevin sərt müdaxiləsindən sonra Məqsəd İsayev yerdə qalsa da, baş hakim Cavid Cəlilov Ağdam təmsilçisinin oyunçusunu bağışlayaraq ona 2-ci sarı vərəqə göstərməyib.
41 yaşlı çalışdırıcı Premyer Liqanın digər turlarında da “Zirə”yə qarşı qərəzli qərarların qəbul olunduğunu və bunun komandadaxili ab-havaya mənfi təsir etdiyini bildirib.
“Zirə” komandasının görüşlərində hakim qərarlarının ön plana çıxdığı epizodlardan biri də 5-ci turda “Qəbələ” ilə oyunda qeydə alınıb. Qarşılaşmanın 79-cu dəqiqəsində əyalət təmsilçisinin qapısı yaxınlığında yaranan qol vəziyyətindən sonra “Zirə” futbolçuları penalti tələb etsələr də, referi Cavid Cəlilov VAR hakimləri ilə məsləhətləşmələrdən sonra oyunu davam etdirib.
Elə bu oyundan sonrakı turda “Sumqayıt”la qarşılaşmada da qartalları qəzəbləndirən hal yaşanıb. Matçın 10-cu dəqiqəsində top uğrunda mübarizədə Pyer Zeblinin müdaxiləsini sərt kobudluq kimi qiymətləndirən Kamranbəy Rəhimov kotdivuarlı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bununla belə, çətin vəziyyətdə olmalarına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri ruhdan düşməyərək bu oyunda 1:0 hesablı qələbə qazanıblar.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: