Xəbər verdiyimiz kimi, ötən gecə Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istirahət mərkəzində güclü yanğın baş verib.

Obyekt sahibi Akif Əliyev bu barədə "Unikal"a açıqlamasında bildirdi ki, yanğın nəticəsində istirahət mərkəzinə təxminən 130 min manata yaxın ziyan dəyib. 

"Anidən yanğın baş verib, uşaqlar düşüblər həyətə. Telefonları da içəridə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. 5 ədəd tikili idi. Köhnə qiymətlərlə təxminən 130 min manata yaxın ziyan dəyib. El-oba sağ olsun, olan şeydir", -  sahibkar qeyd edib.

Həmçinin Lerik Sahibkarlar Assosiasiyasının prezidenti olan A.Əliyev obyektin sığortalanmadığını da deyib: "Sığorta şirkətləri bir neçə dəfə gəlib yalan vədlər verdilər. Ona görə də biz onlarla iş görmədik".

***10:51

Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istirahət mərkəzində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın ötən gecə qeydə alınıb. FHN əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülb. 

Hadisə nəticəsində obyektə ciddi ziyan dəyib. 

Ağarza Elçinoğlu