Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti, qurumun Ahıl Jurnalistlər Məclisi Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Rəhman Orxan) vəfatı ilə əlaqədar nekroloq imzalayıb.
"Unikal" xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycan mətbuatına ağır itki üz verib. Əməkdar jurnalist Rəhman Məmmədzadə (Rəhman Orxan) vəfat edib.
Rəhman Abdurəhman oğlu Məmmədzadə 1950-ci ildə Şəkidə anadan olub. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1982-1983-cü illərdə jurnalist ixtisasına yiyələnib.
1979-1981-ci illərdə “Metallurq” qəzetində çalışıb. 1981-1992-ci illərdə “Vışka” qəzetində müxbir işləyib. 1992-2001-ci illərdə missiyası erməni təbliğatına qarşı ideoloji mübarizə aparmaq olan, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə, həmçinin, İsrail və Bolqarıstanda, ABŞ, Kanada və Monqolustanda yayılmş “Bakinets” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olub. 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Rəhman Orxanın 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin, AZƏRTAC və keçmiş SSRİ-nin xəbər agentlikləri vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında çap olunub. O, Qarabağ həqiqətləri, xalqımızın haqlı mübarizəsi ilə bağlı yazılarına görə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
Dəfələrlə döyüş zonalarında, cəbhə bölgələrində olmuş tanınmış qələm sahibinin vətənpərvərlik mövzusundakı yazıları “Vışka” və “Bakinets” qəzetləri ilə yanaşı, “Azərbaycan” “Səhər”, “Respublika”, “Yeni Azərbaycan”, “İki sahil”, “Bakinski raboçi”, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Həyat” qəzetlərində və Türkiyə mediasında yayımlanıb.
2016-cı ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş Rəhman Orxanın yaradıcılığı, fədakar əməyi Azərbaycanın klassik mətbuat ənənələrinin yaşadılmasına böyük xidmətin nümunəsi olmaqla yanaşı, jurnalist peşəsinin milli maraq və mənafelər naminə səfərbərliyinin bənzərsiz örnəyi idi. Belə bir qələm sahibinin yoxluğu böyük itkidir.
Mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürük.
Allah rəhmət eləsin!”.