Bu gün Abşeron Milli Parkının yaradılmasından 19 il ötür. Belə ki, Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci il fevralın 8-də yaradılıb.

"Unikal" xəbər verir ki, Abşeron yarımadasında yerləşən milli parkın sahəsi 783 hektardır.

Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra landşaftına malik olan həmin xüsusi mühafizə olunan təbiət ərazisində yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s. bitki növlərinə rast gəlinir.

Burada fauna növlərindən adi qızılqaz, bizquyruq ördək, kiçik qarabatdaq, boz canavar, çaqqal, Aralıq dənizi tısbağası, Xəzər tısbağası, su ilanı və s. yaşayır.

Milli parkın ərazisində “Qırmızı Kitab”a daxil olan növlərdən Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc, fısıldayan qu quşu, adi qızılqaz, kürən vağ, qıvrımlələk qutan və s. mövcuddur.