Azərbaycan xalqı səsini Zəfərə verdi. Öz tarixi ərzində böyük naliyyətə imza atan, təkcə Ermənistanla yox, onun havadarları ilə mübarizədə yüksək əzmkarlıq, millət iradəsi göstərərək tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan xalqı yenə də müdrik qərar verdi. Bu Zəfəri əldə edən, xalqın önündə gedərək onu ümummilli arzusuna qovuşduran, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq qələbəsini qazanan Liderinin yanında durdu. Qalib xalq öz səsini Qalib liderə verdi. Xalq prezident seçkilərində İlham Əliyevə səs verməklə əslində bizim həyatımızın, gələcəyə olan baxışlarımızın, hədəflərimizin müəllifini, Azərbaycanın qurucu Prezidentini dəstəklədi. 

Ötən 20 il tariximizdə və taleyimizdə böyük dəyişikliklər dövrü oldu. 2003-cü ildə hakimiyyəti Ulu Öndər Heydər Əliyevdən təhvil alan Prezident İlham Əliyev ilk gündən ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi. Milli-mənəvi dəyərlərə bağlılığı, müstəqillik ideyalarına sadiqliyi, Ulu Öndərdən miras qalmış dövlətçilik sisteminə və azərbaycançılıq məfkurəsinə ali münasibəti ilə diqqəti cəlb edən, Müstəqillik, Vətən və Xalq sevgisini öz həyatının və fəaliyyətinin mühüm komponentlərinə çevirən Prezident İlham Əliyev ötən 20 ildə bütün təmaslarında ilk növbədə səmimiyyəti ilə seçildi. Xalq əmin oldu ki, o, qərarlarında olduqca ədalətlidir, humanistdir, hər zaman dediyi sözün üstündə durur. Onun sözü də imzası qədər dəyərlidir. O, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışdı. İlham Əliyev xalqdan aldığı gücü öz fəaliyyəti ilə xalqa qaytardı. Onun güclü xalq, güclü dövlət, güclü lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyi oldu.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçildi. O, müasirlik və maarifçilik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin başçısı kimi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan dövlət qurdu. İlham Əliyev xalqa xidmət etməyi, hər bir azərbaycanlının Prezidenti olmağı özünün həyat fəlsəfəsinə çevirdi. 

Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı uğurların əsas təminatçısına çevrildi. O, hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin həllini əsas hədəf kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli yol keçdi, dövlət başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Uğurlu neft-qaz strategiyası bu dövrün iqtisadi məzmununda yenə də xüsusi özəlliyi ilə seçilirdi. Bundan əlavə, ölkədə güclü qeyri-neft sektorunun yaradılması istiqamətində əhəmiyyətli addımlar atan, regionların inkişafı ilə bağlı dövlət proqramları qəbul edən, bununla da ölkənin simasını dəyişən Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olundu. Ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan xalqı hər zaman bu müsbət dəyişikliklər prosesinin mərkəzində idi. İlham Əliyev ölkənin inkişafını hər zaman xalqın adı ilə bağladı və xalq onun fəaliyyət strategiyasının əsas hərəkətverici qüvvəsi oldu. 

Bu amil 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində əsas rol oynadı. Prezident İlham Əliyev qərarlarında xalqa arxalandı, bütün addımlarını xalqın maraqlarından çıxış edərək atdı. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident, Yenilməz Sərkərdə kimi yazdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti Vətən müharibəsində yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirdi. Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də Ermənistanın himayədarları ilə müharibə apardı və Qələbə qazandı. Ölkəmizin əldə etdiyi qələbə ilə regionda erməni faşizminə son qoyuldu, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edildi. Dövlət başçısı tarixi Zəfərlə xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularını həyata keçirdi, Şuşanın azad olunması ilə Ata vəsiyyətini yerinə yetirdi. Bununla da yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı. İlham Əliyev təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtararaq Azərbaycan xalqını bu prosesin əsas qəhramanına çevirdi. 

İndi bütün dünya Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqla hesablaşır. İş o yerə gəlib çatıb ki, indi köhnə müttəfiqlər bir-birinin üzünə durur, bir-birini təhqir edir. Bu, onu göstərir ki, Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın mənfur ideoloji təhdidlərindən xilas edib, onların itirilmiş reallıq hissini yerinə qaytarıb. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Ona görə də dünya Vətən müharibəsinin gedişində Azərbaycanı, onun liderini yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Ona görə də növbədənkənar prezident seçkilərində Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək fəallığın təbii səbəbləri var. İnsanlar 30 illik həsrətdən sonra onları yurda qaytaran lideri dəstəkləməklə sanki öz vəfa borclarını yerinə yetirmiş oldular. Ölkənin hər yerində, xüsusilə də işağldan azad edilmiş ərazilərdə müşahidə edilən qələbəlik, yüksək seçici fəallığı onu deməyə əsas verir ki, xalq əldə edilmiş parlaq qələbəni məhz İlham Əliyevin liderliyi ilə gələcəyə daşımaq, bu zəfərin dayaqlarını daha da möhkəmləndirmək arzusundadır. Bu arzunun timsalı Xankəndidə qoyulan seçki qutusundan çıxan nəticə idi. Ölkə üzrə səslərin 76 faizdən çoxunu qazanan İlham Əliyev Xankəndidə səslərin 100 faizini toplamışdı. Bu, əslində Prezidentin yaratdığı yeni reallığın təntənəsi idi. İlham Əliyev özü də Xankəndidə səs verdi. Bu da təsadüfi deyildi. Dövlət başçısı bununla Ermənistana da, onun havadarlarına da «bu qələbənin müəllifi mənəm» mesajını verdi. Həm də nümayiş etdirdi ki, uzun illər bu gözəl Azərbaycan şəhərini şər yuvasına çevirən qüvvələr artıq yoxdur, onlar məhv edilib və Azərbaycan xalqı bir də heç vaxt öz torpağında bu mənfur ssenarilərin oynanılmasına icazə verməyəcək. 

Beləliklə, 7 fevral prezident seçkiləri Azərbaycan tarixinə yeni ideoloji və siyasi sistemin təməlinin qoyulduğu gün kimi düşdü. Bu seçkilər sözün əsl mənasında Azərbaycan xalqının həmrəylik bayramı oldu. Azərbaycan bütün dünyaya xalq-lider vəhdətini nümayiş etdirdi. Biz bir daha əmin olduq ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün təsdiqidir. Bu qələbə milli həmrəyliyi Azərbaycan xalqının həyat tərzinə çevirib. Xalqın mədəni-mənəvi bütövlüyü ən ali mərtəbəyə yüksəlib. Azərbaycan xalqının Qalib xalq obrazı yaranıb. Bu uğurların istisnasız müəllifi isə Prezident İlham Əliyevdir.

ARİF ALIŞANOV