"Aqşin hələ ki, müalicə almayıb. Hər iki uşağın ailəsinin (digəri Hüseyn Axundov - red.) vəziyyəti ortadadır. Maddi durumla bağlı uşaqları müalicə etdirə bilmirik. Gözləyirik, deyirik, bu gün-sabah uşaqların müalicəsi ilə bağlı çağırarlar".

"Unikal" xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında ötən ilin 13 dekabrında erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

O bildirib ki, oğlunu müalicə etdirə bilmir: "Qabırğalarında sınıqlar var, ayaqlarında tokların yeri var. Yaşadıqlarımdan dolayı sağlamlığım sıfırdır, mən Aqşini necə müalicə etdirim? Uşaqların durumu normal deyil. Normal ola da bilməz, çünki 8 ay düşmənin xarabasında işgəncələrə məruz qalan, sağlamlığından olan uşaqlardır. Psixologiyaları, sağlamlıqları sıfırdır. 

Uşaqlar qazanmaq istəyirlər. Kiməsə möhtac olmaq istəmirlər. Yaşadıqları əziyyətlərlə bağlı siqaret çəkirlər. Onu da almağa imkan yoxdur. Nə qədər insanın ətrafında olanlar hörmət edib siqaret alar? Özlərini sınmış kimi hiss edirlər. Ana kimi çox narahatıq – mən də, Şəlalə xanım da (Hüseyn Axundovun anası - red.). Az qalır ki, uşaqlar canlarına qıysınlar. Bizim gözümüz uşaqların üzərindədir, bir anda ab-havaları dəyişir, tükənirlər. Nə qədər ki, uşaqlarımız sağlamlığına qovuşmayıb, ana narahatlığı heç vaxt düzələ bilməz. Aqşini evdə tək qoyub gedə bilmirəm. Deyirəm, bir anda əsəbiləşəcək, haranısa yumruqlayacaq, ya da özündən gedəcək. Dəfələrlə özündən gedib, yerə yıxılıb. 

Aqşin bu vəziyyətində işləmək istəyir. Deyir, gedim maşın yuyum, “moyka”da işləyim. Deyirəm, bala, sağlamlığın yoxdur. İdmana getmək istəyir, ancaq hal yoxdur, bədən əsir. Adicə telefonu tutur, əlləri əsir".