Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 2 boksdan ibarət ümumi sahəsi 400 m² olan qeyri-qida yağlarının təkrar emalı sexində baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin bir boksunda hər birinin həcmi 200 litr olan 10 ədəd qarışıq plastik yağ çəlləyi və dağılmış yağ qalıqları 100 m² sahədə yanıb.
Sex və digər boksda olan 20 ton yağ yanğından mühafizə olunub.