Volodimir Zelenskinin mayın 21- dən sonra Ukraynada  prezidentliyinin legitimliyi sual altında olacaq, çünki ölkə konstitusiyası münaqişə zamanı seçkilərin keçirilməsini qadağan etmir.

"Unikal" xəbər verir ki, bu fikri Radanın keçmiş üzvü, hüquq elmləri doktoru Valeri Karpuntsov bildirib.

“Konstitusiya norması deyir ki, Ukraynada fövqəladə və ya hərbi vəziyyət zamanı prezident seçkilərinə qadağa yoxdur”, - o qeyd edib.

Karpuntsovun sözlərinə görə, Ukrayna Konstitusiyası həmçinin “standart olmayan bəzi situasiyalar zamanı” prezident səlahiyyətlərinin başqa şəxsə verilməsini də müəyyən edir.

“Bu halda bir qədər ixtisar edilmiş, natamam, belə demək mümkünsə, səlahiyyətlər parlament sədrinə keçir”, - deyə sabiq deputat qeyd edib.

Karpuntsov əmindir ki, Zelenskinin başqa prezident vəzifəyə gələnə qədər səlahiyyətlərini həyata keçirməsi normasına istinad indi düzgün deyil. Onun fikrincə, bu variant o halda mümkündür ki, Ukraynada seçkilər keçirilib və növbəti prezident artıq müəyyənləşib.

“Bu halda bizdə sırf kriminal vəziyyət yaranır, o zaman ki, hakimiyyətin mənimsənilməsi baş verir və bu, artıq cinayət məcəlləsinə uyğundur”, - deyə vəkil yekunlaşdırıb.

Son sorğunun nəticələrinə görə, Ukraynada respondentlərin 69%-i Zelenskinin ölkədə hərbi vəziyyət başa çatana qədər prezident qalmalı olduğuna inanıb .