"Nə qədər oğullarımız Azərbaycan səngərlərini qorumalıykən, Ukrayna müharibəsində iştirak üçün gedir və sonra tabutları gəlir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında deyib.

Onun sözlərinə görə, Suriya və İraqdan Azərbaycana gətirilən uşaqların bir qismi hər iki valideynini itirir: “Belə olan halda onlar atılmış insanlara çevrilir. Azərbaycanda sığınacaqlar elə də çox deyil. Ona görə də onların gələcək taleyi aidiyyəti qurumları ciddi düşündürməlidir”. 

Komitə sədri bildirib ki, aldadılmış insanlar terror birləşmələrinə cəlb olunurlar: “Bunu Rusiya-Ukrayna savaşında da görməkdəyik. Nə qədər oğullarımız Azərbaycan səngərlərini qorumalıykən Ukrayna müharibəsində iştirak üçün gedir və sonra tabutları gəlir, bu sanki həyatımızın ayrılmaz hissəsinə çevrilir və qəbul olunur. Bu necə dözüləsi hadisədir?! Suriyada terror birləşmələrinin tərkibində vuruşmaq cinayət hadisəsi hesab edilir, çünki bu, terror birləşməsidir. Ancaq nizami dövlət birləşmələrinin silahlı qüvvələrində olmaq cinayət yaratmır. Hesab edirəm ki, bu məsələdə peşəkar hüquq müdafiəçilərinin rəyi önəmli olar”.

Anar Kəlbiyev