Məlum olduğu kimi, fevralın 28-i və 29-da Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Həmçinin, Almaniyanın xarici işlər naziri Analena Berbokun iştirakı ilə üçtərəfli görüş də baş tutub.
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirib.
Almaniyanın xarici işlər naziri isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sabit sülhün bərqərar olması üçün imkan var.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşlərin keçirilməsi müsbət haldır:
“Bir müddət idi ki, belə görüşlər keçirilmirdi. Berlin görüşü isə iki günlükdür. Bu görüşlərdən sonra növbəti görüşün harada keçirilməsi barədə bəyanat verəcəklər. Ən böyük irəliləyiş o zaman ola bilər ki, artıq görüşlər Berlində, Avropanın digər şəhərlərində, ABŞ-də və ya Rusiyada yox, Azərbaycan-Ermənistan sərhədində keçirilsin. Delimitasiya və demarkasiya üzrə komissiya necə ki sərhəddə görüş keçirir, sülh müqaviləsinin üzərində işləyən adamlar da eyni şəkildə sərhəddə görüşməlidirlər. Ən yaxşı yol vasitəçilər olmadan, birbaşa görüş keçirməkdir.
Onu da qeyd edim ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməlidir. Fərz edək ki, hər şey hazır oldu, imza atıldı. Konstitusiya məhkəməsinə verəndə məlum olacaq ki, bu müqavilə Ermənistanın konstitusiyasına ziddir. Ona görə də, ilk növbədə bu dəyişikliyi etməlidirlər.
Sülh müqaviləsinin üzərində işləri davam etdirmək lazımdır. Amma inanmıram ki, hələlik güclü irəliləyiş olsun”, - deyə o qeyd edib.
Sabiq nazir ötən gün azaraq Ermənistan ərazisinə keçən əsgərimizin azad edilməsi məsələsi ilə bağlı da öz fikirlərini bölüşüb:
“Əsgərimiz hava şəraiti pis olduğuna görə yolunu azaraq qarşı tərəfə keçib. Bu da danışıqların mövzusudur.
Yəqin ki, Ermənistan tərəfi deyəcək ki, hərbçiləri dəyişdirək. Hər bir halda əminəm ki, Azərbaycan öz əsgərini Vətənə geri qaytaracaq”.
Murad İbrahimli