Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir.
"Unikal" xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ağdamın Əhmədağalı kəndində martın 3-də baş vermiş mina partlayışına dair bəyanatında yer alıb.
Ombudsman bildirib ki, Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
“Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb. İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb”, - deyə Səbinə Əliyeva xatırladıb.