Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hökumət başçıları əvvəlcə təkbətək formatda görüşüblər. Sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub.

Görüşdə tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.

Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayan tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.

Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.

Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox artıb.

Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.

Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriblər.

Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.

Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.

Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

*** 17:36

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilən görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.

Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.

***16:56

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.

***09:12

Rusiyanın baş naziri Mixail Mişustin bu gün Azərbaycana işgüzar səfər edəcək. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin baş naziri Əli Əsədovla görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Gülayə Mecid