“Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı… İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”
Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayında səsləndirdiyi bu fikirlər Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasət nəticəsində qazandığı uğurların təqdimatı oldu. Təbii ki, bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dayanır. Amma bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər bir ölkənin inkişafında, tərəqqisində əhəmiyyətli rol oynayan dönüş nöqtələri olur. Bunlardan biri 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Məhz bu kimi mühüm məqamlara söykənərək cənab İlham Əliyev YAP-ın VII qurultayında bu fikirləri böyük əminliklə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, ilk növbədə Azərbaycanın hər bir sahədə davamlı uğurlara imza atmasında, islahatlar prosesinin daha da dərinləşməsində özünün aydın ifadəsini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar iqtidar partiyasında islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelini, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci müavin vəzifəsinin təsis olunması və bu vəzifənin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yeni reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının bu reallıqlar əsasında keçirilən VII qurultayında qəbul olunan qərarlar, yeni tərkibin formalaşdırılması, dövlət başçısı İlham Əliyevin müasir çağırışları özündə ehtiva edən yeni Proqramın hazırlanması ilə bağlı tapşırığı, yeni Nizamnamənin qəbulu və sair kimi biri-birindən mühüm addımlar partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.
YAP-ın Sədri, Prezident İlham Əliyevin Sərəncamı ilə partiyanın Sədr müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilən Tahir Budaqovun rəhbərliyi ilə yeni formalaşdırılmış Mərkəzi Aparat müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfəsini verməkdədir. 2021-ci ilin sonunda partiyanın cənab İlham Əliyevin tapşırığına əsasən işlənib hazırlanan yeni Proqramı təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizi əsasında təqdim edilən bu Proqram 5 fəsildən və 29 müddəadan ibarətdir. Ümumilikdə sənədin hər bir fəsli, müddəası özündə hazırkı dövrün çağırışlarını əks etdirir. YAP-ın ötən üç ildə yeni Nizamnaməyə və Proqrama uyğun atdığı addımlar, həyata keçirdiyi tədbirlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Partiyanın yeni Proqramında YAP-ın fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması və dövlətin qüdrətlənməsi yolunda digər göstəricilərinin yüksəldilməsinə xidmət edir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, VII qurultay partiyanın gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirdi. Tarixi Zəfərimizin reallıqları fonunda yaşanan bu əlamətdar hadisə Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında rolunun aydın ifadəsi oldu. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP fəaliyyətə başladığı gündən dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirir. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin VII qurultayda əminliklə ifadə etdiyi “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq” fikri keçilən yolun uğurlarına, hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsaslanır. Son üç ildə qalib Azərbaycanın və Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan möhtəşəm uğurlara nəzər salsaq bu istiqamətdə mühüm addımların atıldığının şahidi olarıq. Azərbaycan hazırda ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etdik. Hazırda Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Suverenliyimizin tam bərpası ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu dövrün mühüm hadisəsi 7 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri oldu. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin bu seçkilərdə inamlı qələbəsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını daha da qürurlandırdı. Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qatılaraq həm keçilən yolun, həm də qarşıdakı dövrün hədəflərini diqqətə çatdırdı. Adını tarixə qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi yazdıran cənab İlham Əliyev yeni reallıqların diktə etdiyi hədəflərə düşünülmüş siyasəti ilə nail olaraq Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Həm qalib Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoyan Zəfər seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyevin qələbəsi gələcəyə daha böyük inamla baxmağa əsas verir. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. Qərbi Azərbaycana Qayıdışımız da əsas hədəflərdəndir. Azərbaycan tarixi ədalətə söykənən siyasəti ilə yeni-yeni hədəfləri gündəmə gətirməklə yanaşı, reallığa çevirir.