Bakı və İrəvanın iki mühüm məsələyə yanaşması fərqlidir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, tərəflər arasında müəyyən problemlər var ki, onların bir qismi razılaşdırılıb: "Tərəflərin iki mühüm məsələyə yanaşması fərqlidir. Problemlərdən birincisi iki ölkənin sərhədlərinin müəyyən edilməsi prinsipi, ikincisi isə regional əlaqələrin və nəqliyyat qovşaqlarının blokdan çıxarılmasıdır".
Nazir qeyd edib ki, 1991-ci il Alma-Ata bəyannaməsi sülh müqaviləsi layihəsinə daxil edilməlidir: "Bu məsələ ilə bağlı Azərbaycandan müsbət cavab alınmayıb.
Erməni tərəfi bölgədə bütün yollar və qovşaqlar boyunca nəqliyyat marşrutlarını açmağa hazırdır. Biz Ermənistan ərazisindən keçən nəqliyyat marşrutlarının, can və əmlakın təhlükəsizliyini təmin etməli olan üçüncü dövlətlərin bu işə qarışmasının əleyhinəyik. Regiondakı nəqliyyat marşrutları təsdiq olunan ölkənin suverenliyi və yurisdiksiyası altında olmalıdır".
Ararat Mirzoyan qeyd edib ki, eyni qarşılıqlılıq və bərabərlik prinsipi Azərbaycandan keçən nəqliyyat marşrutlarına da şamil edilməlidir və oradan keçən yollarla bağlı eyni səlahiyyətlər Bakıya məxsus olmalıdır.
Qeyd edək ki, Azərbaycan XİN erməni nazirin bu barədə açıqlamasına cavab verib.
Ağarza Elçinoğlu