"Qohum nikahları ilə bağlı məsələnin aktual olması hər birimizi narahat edir. Azərbaycanda qohum nikahları ilə bağlı ənənələr hər zaman üstün tutulub".

"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, Ailə Məcəlləsinin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir:

"Tarixdən gələn ənənələrə əsasən isə bizdə ailələr bunu davam etdirirlər. Övladlarının fiziki sağlamlığını düşünməyən insanların qanunla münasibətlərində həmişə problemləri olur. Qohum nikahları ilə bağlı məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi ki, nikahdan əvvəl hər kəs tibbi müayinədən keçməlidir. Bu da bir sıra irsi xəstəliklərin qarşısını almaqda kömək edir. Eyni zamanda, Nazirlər Kabinetinin qohum nikahları ilə bağlı qaydası var. Bizim tədqiqatlarımıza əsasən, 2021-ci ildə 2363 qohum nikahı qeydə alınıb. Onlardan 204-ü boşanıb. 2022-ci ildə isə 2542 qohum nikahı qeydə alınıb, onlar arasında 608 boşanma hadisəsi baş verib".