"Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması Hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. O bildiirb ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb.
"1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb. Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub ki, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılmış və mülkiyyət sənədləri verilib".
Ə.Əsədov qeyd edib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir.
"Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur. Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcəkdir".
Anar Kəlbiyev