Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbs olunan şəxsin məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, külli miqdarda dələduzluq maddəsi ilə təqsirləndirilən Allahverdiyev İsmayıl Həbib oğlunun məhkəmə prosesinə hakim Cavid Hüseyn sədrlik edəcək.
Xatırladaq ki, İsmayıl Allahverdiyev əvvəllər terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə maddəsi ilə məhkumluq həyatı yayşayıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin avqust ayının 5-də baş verib. Naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı İ.Allahverdiyev bildirib ki, bir neçə nəfərə xeyli miqdarda pul borclu olub. Özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azər İsrafilov