Məlum olduğu kimi, Rusiya sülhməramlılarının Azərbaycan dövlətinin ərazisindən çıxarılmasına başlanılıb. Bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Peskovun açıqlamasından sonra Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də məsələyə münasibət bildirib.
O qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlayıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılması nəticəsində Azərbaycanın suverenliyi daha da genişlənir:
“Azərbaycan işğaldan azad etdiyi torpaqlarında öz suveren hüquqlarını artırır. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər bu il parlament seçkiləri keçirilsə, bu, ölkəmizin tarixində ərazimizdə başqa dövlətin qoşunu olmadan keçirilən ilk seçki prosesi olacaq. Bu da suverenliyin ən yüksək göstəricisi hesab edilməlidir.
Yəqin ki, ermənilər də düşünürlər ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından sonra hansısa mənfəətlər əldə etdilər. Mənim fikrimcə, ermənilərin bu məsələdən öz maraqlarına uyğun müsbət nələrsə qazandıqlarını demək olmaz. Bir məsələni vurğulamaq lazımdır ki, Rusiyanın Ermənistana təzyiq edə biləcəyi şeylər azaldıqca və yox olduqca, Ermənistanın da suverenliyi bir qədər genişlənir. Bununla da Ermənistanın Qərbyönümlü siyasət həyata keçirməsinə dair imkanları daha da artır.
Rusiya isə dünyanın üçdə bir hissəsini tutub. Heç öz ərazilərindəki sərvətlərdən və imkanlardan tam istifadə edə bilmir. Buna baxmayaraq, gözü yenə də digər ölkələrin torpaqlarını tutmaqdadır. Buna görə də, Rusiyanı başa düşmək çətindir.
Rusiya Qarabağdan çıxardığı qoşunlarını çox güman ki, Ukraynadakı döyüşlərə göndərəcək. Onsuz da zəifləmiş ordusunu bir qədər gücləndirmək üçün bu addımı atacağı gözləniləndir”.
Politoloq qeyd edib ki, Qarabağdan çox sayda texnika çıxarılır:
“Bu barədə dəqiq sayı deyə bilməsək də, məlumdur ki, Rusiya sülhməramlıları ilə birlikdə kifayət qədər texnika ərazilərimizdən çıxır. “BTR”lər, piyadaların zirehli döyüş maşınları və başqa bu kimi texnikaların çıxarıldığının şahidi olmuşuq. Həmçinin, onlar arasında tanklar da var idi.
Hazırda bir çoxumuz sevinirik. Özümüzü daha azad və sərbəst hiss edirik. Eyni zamanda, bir tərəfdən də səksəkə içindəyik. Düşünürük ki, birdən nəsə ola bilər. Bu millətdən o qədər çəkmişik ki, yenə də Rusiyanın nələrisə planlaya və həyata keçirə biləcəyini düşünürük. Buna baxmayaraq, mən hər hansı qorxulu və ya pis bir şey başa verəcəyini düşünmürəm. Bu, sadəcə insanın içərisində olan bir duyğudur. Rusiya artıq zəifdir. Bizim üçün ciddi mənada narahatlıq yaradacaq gücə malik deyil. Hər halda, onların bir əli BMT-də və digər beynəlxalq təşkilatdadır.
Mənim zənnimcə, Rusiya Cənubi Qafqazla vidalaşdı. Hazırda deyə bilərik ki, biz də bu imperiya dövləti ilə vidalaşırıq. Əminəm ki, dünya da Rusiya imperiyası ilə vidalaşacaq. Əlbəttə ki, bunun üçün müəyyən vaxt lazımdır”.
Murad İbrahimli