Gürcüstan Fransa Xarici İşlər Nazirliyinin Tbilisidə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi ilə bağlı həyəcan ifadə edən bəyanatına cavab verib.
"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, rəsmi Tbilisi Fransanı qyeri-obyektivlikdə ittiham edib:
“Sizdə obyektivlik yoxdur. Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən radikal qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, insan haqlarının ən yüksək standartlarına uyğun hərəkət ediblər”, - Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatında bildirib.
Gürcüstan XİN Fransa XİN-i “Gürcüstandakı hadisələri daha yaxından izləməyə” və obyektiv nəticələr çıxarmağa dəvət edib.
“Sizə xatırladırıq ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları ümumbəşəri insan haqları standartlarına tamamilə zidd olan qəddar üsullarla etirazçılara qarşı çıxanda belə, Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib”, - deyə Gürcüstan tərəfinin bəyanatında deyilir.
Nuranə Abbasova