DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.