Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (İAAR) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hazırlığı aparılan 2 ixtisas və 1 ixtisaslaşma proqramının akkreditasiyası keçirilib.  

"Unikal" xəbər verir ki, bu proses AzMİU və İAAR arasında bağlanılmış müqaviləyə əsasən aparılıb.bNəqliyyat fakültəsinin “nəqliyyat tikintisi mühəndisliyi”, İnşaat fakültəsinin “inşaat mühəndisliyi” ixtisasları və “inşaat mühəndisliyi” ixtisaslaşmasında aparılan akkreditasiyanın məqsədi sözügedən sahələr üzrə kadr hazırlığının keyfiyyəti və beynəlxalq səviyyə uyğunluğunu yoxlamaq olub.

Bu prosesi həyatı keçirmək üçün AzMİU üzrə özünütəhlil hesabatının hazırlanması istiqamətində 24 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın sədri Tədris işləri üzrə prorektor professor Akif Qasımov, müavinlər Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə və İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev təyin edilib. Komissiya işinə yanvar ayından etibarən başlayıb, bütün lazımi məlumatlar onlar tərəfindən toplanaraq təhlil aparılıb, yekunda özünütəhlil hesabatı hazırlanıb və agentliyə təqdim olunub. 

Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra sözügedən ixtisaslar və ixtisaslaşma proqramı üzrə kadr hazırlığının keyfiyyəti yoxlamaq məqsədilə agentlik tərəfindən 13-16 may tarixlərində AzMİU-ya beynəlxalq ekspertlərdən ibarət komissiya göndərilib. Qeyd olunan məsələlərlə əlaqədar AzMİU-da səfərdə olan beynəlxalq ekspertlər universitetlə ilkin tanışlıqdan sonra fakültələrin dekanları, professor-müəllim heyəti, tələbələrlə ünsiyyətdə olub, müvafiq yoxlamalar aparıblar. 

Universitetdə akkreditasiya prosesini tamamlayan beynəlxalq ekspert qrupu sonda rəhbər heyət ilə görüşüb, birgə fikir mübadiləsi aparıblar. Səfərdə olduqları qısa müddət ərzində hazırladıqları yekun hesabatın nəticəsini isə qərar verilməsi üçün Beynəlxalq Akkreditasiya Şurasına təqdim ediblər. 

Məlumat üçün qeyd edək ki, AzMİU-da Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi tərəfindən aparılan akkreditasiya prosesinin yekun qərarı 21 iyun 2024-cü il tarixində verilməsi nəzərdə tutulub.