1988-ci ildən (bu görünən tərəf idi, əslində isə 200 il) xalqımızı Qarabağ və onun ətrafında cərəyan edən hadisələr çox sarsıtdı. 

Göyçə, Zəngəzur, İrəvan, Zəngibasar da növbəti dəfə itirildi - bu dəfə son həmvətənlərimiz dədə-baba yurda "əlvida" deməyə məcbur oldu.

Borçalıda mövqelərimiz zəiflədi, toponimləri ucdantutma gürcüləşdirdilər, onminlərlə soydaşımız Bakıya köçdü, aqrar islahatlarda payını alayarımçıq aldı.

Bəlkə Güney Azərbaycan davamız da Qarabağ itkisinə görə uzun müddət yerində saydı, tutarlı təşkilatlar yarada bilmədik, dünyanın hər yerində erməni işğalına qarşı mübarizə aparmağa məcbur olduq.

Təkcə bunlarmı? Yox, təəssüf ki...

Məğlub toplum kimi acizləşdik, hirsli-hikkəli olduq, düşmənə gücümüz çatmayanda özümüzü əzdik, bir-birimizi yamanladıq. 

Məişətimiz yoxsullaşdı, cılızlaşdı, imarətlərdən çadırlara endik, milyona yaxın insanın günü-güzaranı dilənçilik səviyyəsinə qədər düşdü. Bir çadırda ərgən qızla oğul yanaşı yatdı, insanların bütün müqəddəs dəyərlərinin üstündəki örtüklər söküldü.

Cəmiyyət "qaçqın", "məcburi köçkün" sözünü bəzən aşağılayıcı anlamda işlətdi.

Hamı günahkar, satqın oldu, siyasətçilər, ordu mənsubları, hakimiyyət, müxalifət, bir sözlə başı tərpənən kim var idisə, bir dövrün qəhrəmanı olmaqla, sonra xain, yumşaq desəm, bacarıqsız elan olundu.

İqtisadiyyatımız çökdü, münbit torpaqlar işğal olundu, böyük işçi qüvvəsi işsiz qaldı, ilk illərdə humanitar fəlakətlə üz-üzə qaldıq. Yeni iş yerlərinin açılması qeyri-mümkün göründü, hökumət məcburən sosial yardım siyasətinə üstünlük verdi. Ələbaxımlılıq insanları işdən soyutdu, böyük insan kütləsi işləmək vərdişlərini itirdi.

Sağlam və təhsilli insan yetişdirməyin indeksi aşağı düşdü, genofondumuz əhəmiyyətli dərəcədə zədələndi.

Müharibənin və qaçqınçılığın ağır şərtləri yüzminlərlə insanın psixologiyasını korladı. Ritorikamız kəskinləşdi, sevgimiz tükəndi, bir qrup barışmaz, digəri mütiyə çevrildi.

Milli təfəkkür və düşüncə əhəmiyyətli dərəcədə zədələndi, xalqın, toplumun alışmadığı yaşam şərtləri və məğlubiyyət, itkilər fərqli cəmiyyət qanunları yaratdı.

Biz təkcə torpaq itirmədik, bizim təkcə yurd yerlərimiz işğal olunmadı.

Azərbaycan olaraq, bu savaşda itirdiklərimizin bir qismini sadaladım, çox az qismini. Yaza bilmədiyim, demədiyim nə qədər tərəflər var hələ. 

Şükürlər olsun ki,  biz geri dönüş edə bildik, toparlandıq, itirdiklərimizi - həm də son 30 ildə yox, 200 ildə - geri qaytara bildik.

Bir daha məqamı uca Şəhidlərimizin ruhları qarşısında baş əyirəm!

Qaziləmizə sağlıq və hüzur arzulayıram!

Ali Baş Komandana təşəkkür edirəm!

Xalqımıza minnətdaram!

Amma və lakin...

Qarşımızda çox böyük vəzifələr dayanır.

Təhsildən, səhiyyədən tutmuş, iqtisadiyyata, kənd təsərrüfatına kimi hər şey yenilənməlidir.

Böyük Qayıdış uğurla yekunlaşmalıdır.

Ən böyük problem isə düşüncə və təfəkkürü yeniləşən vətəndaş formalaşdırmalıylq.

Ən çətin işimiz budur.

Qarabağ və onun doğurduğu problemlər Azərbaycan insanını təbii halından çıxarıb. 

Nə əyər-əskiyimiz varsa, ondan törəndi, ondan doğdu. 

İndi hamısını bir-bir geri qaytarmalıyıq, həm də müasir dünyanın tələblərinə uyğun insan obrazı, düşüncəsi, təfəkkürü, yaşam tərzi ilə...

Siyasi təşkilatlar uzun illərdir, demokratiya uğrunda mübarizə aparır. Elə hakimiyyət də demokratik cəmiyyət qurduğunu, ya quracağını vəd edir.

Kiminlə qurmalıyıq bu cəmiyyəti? Hansı insan potensialından istifadə etməliyik?

Xaricdən yeni adamlar gətirməliyikmi?

Demokratiyanın materialı insan və onun düşüncəsi, yaşam tərzidir.

İnsanımızın yaşamı yurdsuzluq, çadır, vaqon, qaçqın şəhərcikləri, fin evləri, qazmalardırsa, (yaxın dövrə kimi) yaşam tərzi bundan fərqli deyil. 

Şəhər mühitində fərqli həyat sürsələr də, toplumun ümumi halı sonda hamını öz ağuşuna alır.

Müharibə, qan-qada, ölüm-itim, şəhidlik, kasıblıq, sosial və digər problemlərlə demokratik düşüncə ziddiyyət təşkil edir. 

Adətən, hamı demokratiya deyəndə seçkini nəzərdə tutur. Seçki demokratik cəmiyyət quruculuğunda prosedurdur. Seçkinin azad və demokratikliyi demokratik cəmiyyət quruculuğuna vəsilə ola bilir, lakin demokratiya gətirməz. 

Demokratiyanın olması, təşəkkül tapması üçün mütləq demokratik yaşamı, düşüncəsi olan insan, toplum lazımdır. 

Ətrafınıza diqqət edin, görün, məişətində, yaşamında, siyasi, iş həyatında demokratik olan nə qədər insan tanıyırsınız?

Ailə institumuzun demokratikliyinin şərtləri bilirsinizmi nə qədər ağırdır? Biz azərbaycanlıların baxdığı pəncərədən ailə dəyərləri tamam fərqli görünür. Axı cəmiyyət özü ailənin böyük formasıdır. 

Necə ola bilər ki, ailədə demokratik olmayan bizlər, cəmiyyəti demokratikləşdiririk?

Bu gün Azərbaycan ailəsi ya olduqca mühafizəkar, ya aşırı liberaldır. Bizim tipli cəmiyyətlərdə sonuc bilirsinizmi necə olur?

İnqilab... 

Həm də milli və dini xüsusiyyətlərə əsaslansaq, İslam inqilabı. Eynən İranda olduğu kimi.

1979-cu il İran inqilabı nə qədər xaricdən ölkəyə ixrac olunsa da, onun daxildə kifayət qədər əsasları var idi.

Həddən artıq liberal kəsimlə - onların sayı ölkə əhalisinin 1/5 -ni əhatə edirdi - kasıb, mühafizəkar, sosial cəhətdən güvənsiz, təhsilsiz, xürafata və məzhəbə söykənən böyük çoxluğun uzun illər gizli savaşı gedirdi. İlk fürsətdə inqilabçılar bu təbəqəni arxalarına aldılar və teokratik rejim qurdular.

Necə də bizə oxşayır, eləmi?

Xaricdən ölkəmizə ixrac olunan ideoloji ilə yanaşı, daxildəki problemlər bizi eyni vəziyyətlə üzləşdirə bilər.

Biz liberallığımızın sərhədlərini çoxdan aşmışıq, geyimimiz, yaşam tərzimiz, hərəkətlərimiz, cəmiyyətin mühafizəkar hissəsini liberalizmə qarşı köklənməyə əsas verən səviyyədədir.

Mühafizəkarlığımız isə Azərbaycan adət-ənənələrindən daha çox, ərəb-fars ideolojisinə söykənir.

Döyüşən Azərbaycan liberalizmi ilə mühafizəkarı deyil, fars-ərəb ideolojisi ilə ultra-qərb liberalizmidir. 

Bu bizim davamız deyil.

Sovet şinelini soyuyandan bizi özümüz olmağa qoymadılar, Qarabağın işğalı ilə bizi özümüzdən etdilər. 

Ədəbiyyatımız, şeirimiz, sənətimiz, kinomuz, teatrımız, rəsm əsərlərimiz mərsiyyələşdi və ya bundan azad olmaq istəyənlər əndrəbadi mədəniyyət gətirməyə çalışdılar.

Hər kəs özü ilə baş-başa qalanda azərbaycanlıdır. Təəssüf ki, cəmiyyətə çıxanda özümüz ola bilmirik.

Belə mühitdə demokratik cəmiyyət qurmaq çox çətindir, deyərdim ki, mümkünsüzdür. Əvvəlcə, insan yetişdirməliyik. Elə insanlar ki, cəmiyyətin qəlibini düzgün müəyyən etsinlər.

Demokratik ölkələrdə heç də hamı düşüncə və yaşam tərzinə görə demokratik deyil. Lakin cəmiyyətin öncülləri bir qəlib müəyyən ediblər, insanlar o qəlibdə özlərini azad, sərbəst hiss edirlər.

Ən başlıcası, qəlibi müəyyən edənlər özləri qüsurlu düşüncə tərzinə malik olmayıblar. 

Demokratik cəmiyyət qurmaq istəyənlərin böyük əksəriyyətinin demokratiyadan xəbəri yoxdur.

Ünvanına deyilən tənqidə görə əllərindəki imkan çərçivəsində ən pis işləri görürlər.

Demokratik cəmiyyət quruculuğu təkcə iqtidarın məsuliyyəti deyil. Doğrudur, iqtidar bu istiqamətdə əsas yükün daşıyıcısıdır, lakin hakim qüvvənin tərəf-müqabili də gərək demokratik olsun. Hətta iqtidar demokratik olmasa belə, tərəf-müqabil demokratik davranış və düşüncə ilə prosesləri dəyişə bilir. Nə qədər desəniz, örnək verə bilərəm, bir şərtlə ki, müxalifət bu sahədə prinsiplərində vahid və ardıcıl olsun. Daha Vətən savaşında pusquda durmasın, əli kiminsə cibindən çıxmasın, başqa ölkələrin mənafeyini cəmiyyətə demokratiya adı ilə sırımasın.

Onda cəmiyyətin siyasətə laqeyd kəsimi azalacaq, güvən artacaq, insanlar mövqe ifadə etməkdən çəkinməyəcək. Yox əgər sən həqiqəti deyil, maraqları, - həm də başqalarının, - qoruyacaqsansa, seçici də öz maraqlarını gündəlik qayğılarının həll olunmasında axtaracaq.

Torpaqlarımızın işğaldan azad olunması və suveren hüquqlarımızın bütün ölkə boyu bərpa olunması Azərbaycanın yenidən doğuluşudur.

Bu Azərbaycan yeni insan dünyaya gətirməlidir.

Təhsili, tərbiyəsi, yaşamı, təfəkkür və düşüncəsi ilə seçilən yeni vətəndaş formalaşdırmalıyıq.

Ailəmizdən, övladlarımızdan, təşkilatlarımızdan, bir birimizə münasibətdən, özümüzdən başlamalıyıq. 

Azad cəmiyyət arzulayırıqsa, əvvəlcə özümüz azad olmalıyıq - fars-ərəb mühafizəkarlığından, ultra-qərb liberalizmindən, rus yançılığından əl çəkməliyik.

Ədalətli quruluş istəyiriksə, ədalətin tərəzisini içimizdə qurmalıyıq, bizi sevənlərə də, tənqid edənlərə də doğru yerdən yanaşmalıyıq.

Azad olan sosial şəbəkələrdə ritorikamızı, üslubumuzu dəyişməliyik. İmkan, fürsət var deyə kimə necə gəlir və ya kim necə düşünürsə, yazmamalıdır, danışmamalıdır.

Efirlərimizdə səliqə-sahman yaratmalıyıq, cəmiyyətimizə fayda verən, onun zövqünü yaxşılaşdıran, maarifləndirən verilişlər və insanlar tv-lərə dəvət edilməlidir.

Geyimimizə, davranışlarımıza əl gəzdirməliyik. Ailə geyimi ilə cəmiyyət geyiminin arasında xətt müəyyən etməyi bacarmalıyıq. 

Təhsilimizi artırmalıyıq, övladlarımızın təhsildən yayınmasına imkan verməməliyik, özəlliklə qız uşaqlarını təhsildən uzaqlaşdırıb, vaxtından əvvəl nikaha daxil olmasına şərait yaratmamalıyıq. Sabah Vətənimiz onların tərbiyə etdiyi övladların çiynində dayanacaq.

Saxtakarlıq etməməliyik, başqasının haqqına girməməliyik, seçkiyə getməli, doğru bildiyimiz namizədə səs verməliyik.

Qalib Azərbaycanda nə Vətənini satan olmalı, nə haqsız yerə həbsxanada olan. 

Ən başlıcası, sevgimiz tükənməməlidir. 

Bu Vətəni, Azərbaycanımızı, onun vətəndaşlarını, insanları, sülhü, barışı sevməliyik.

Sevə-sevə Qarabağı aldıq, Azərbaycanı qoruduq. Bütöv Azərbaycan da sevgilərimizdən doğulacaq. Bir gün bu sevgimizdən Təbrizli, Göyçəli, Borçalılı, Dərbəndli, İrəvanlı Azərbaycan doğulacaq.

Bir gün bu sevgidən demokratik,  azad, bütöv Azərbaycan yaranacaq.

İşin başlanğıcındayıq. 

Müstəqillikdən bu yana ilk ildir ki, biz yeni Azərbaycandayıq.

Müharibəsiz, işğalsız, təhdidsiz bir ölkəmiz var. 
Hər şey indi başlayır. 

Ümidli olun, Ümidlə olun...

Ümid sizsiniz...

İqbal Ağazadə