"Bildiyiniz kimi, bu yaxınlarda sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələr baş vermişdir. Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi - Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər".
"Unikal" xəbər verir ki bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.
"Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, növbəti mərhələdə, - əminəm ki, Şuşa Zirvə görüşü bu istiqamətdə önəmli addım olacaq, orada həm birliyimiz nümayiş etdiriləcək, həm də konkret məsələlər müzakirə olunacaq, - dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin. Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk və hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik", - deyə dövlət başçısı bildirib.