Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 1 saylı vəkil bürosunun müdiri işləmiş, təqsirləndirilən şəxs Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.

"Unikal"ın məlumatına görə, hakim Mahmud Ağalarov Sümbülə Əliyevanın sərbəst ifadə verməsini təklif edib. Sümbülə Əliyeva elan edilən ittihamla razılaşmadığını qeyd edərək bildirib ki, həm istintaq orqanı, həm də məhkəmə heyəti bu isə qərəzli baxıb:

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə bildirdi ki, işlədiyim 1 saylı hüquq məsləhətxanasın da yoxlama aparılacaq və bir nəfər şəxs  audit tərəfindən yoxlama aparılacaq. Həmin yoxlama da nə mən, nə də mühasib iştirak etmədi.

Bir az keçmiş 2018-ci ildə mən dəvət olundum Vəkillər Kollegiyasına və mənə təklif etdilər ki, biz istəyirik Sərdar müəllim büronun müdiri olsun. Mən isə dedim ki, Sərdar Qasimov həmin büroda sədr ola bilməz, çünki müdir olacaq vəkil ən azı 2 il həmin büroda işləməlidir. Mən təklif etdim ki, Tofiq müəllim büro müdiri olsun, ancaq Vəkillər Kollegiyası 2017-ci ilin sonunda Sərdar Qasımovu büroya müdir göndərdilər. 2018-cu ilin yanvar ayının 8-də Anar Bağırov mənə zəng edib dedi ki, niyə Sərdar müəllimin əmrini verməmisiniz? Mən isə dedim  ki, təhvil-təslim olmalıdır. Onlar isə dedi ki, ehtiyac yoxdur. Yanvar ayının 11-də Sərdar Qasımovun büro müdiri kimi əmrini verdim və büroya aid bütün inventarı ona təhvil verdim. Özüm üçün isə başqa yerdə ofis axtarmağa başladım. Sərdar müəllimin əvvəl işlədiyi 6 saylı büroda  ödənilməmiş 1500 manat pulu olduğu üçün, mən ona maaş kimi həmin məbləği ödədim, cinayət işinin içində qəbzdə var. Bunu da mənə mənimsəmə kimi ayağıma yazıblar. Bilirsiniz ki, Sərdar müəllim Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qəbul otağında rəhmətə gedib. 

Qaldı vəkillərin təyinatla bağlı mənimsənilən pullarına, Nadir İbişova təyinatla 15 min 468 manat pul yazılıb, ancaq mən bilmirəm bu pulu kim mənimsəyib. Vəkilin dövlət hesabına xidmət haqqı kimi 1 saatı üçün 6 manat ödəniş yazılır. Bu 15 min manat yığılmaq üçün Nadir müəllim nə qədər hüquqi xidmət göstərməli idi, maraqlıdır. Mən özümü təqsirli bilmirəm, vəkillər hamısı bir-bir dindirilməli idi. Elə vəkil var, nə ibtidai istintaqda, nə məhkəmə istintaqında dindirilməyib".

Məhkəmə prosesi 13 iyun tarixinə kimi təxirə salınıb. 

Azər İsrafilov