Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.

"Unikal" Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bildirib və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir edilib.

Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.

Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.