Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə son şahidlər dindirilib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Təqsirləndirilən şəxsin vəkili müvəkkilin psixoloji vəziyyətinin yoxlanılması üçün məhkəmə psixoloji ekspertizasının keçirilməsini istəyib.
Prokuror Valeh Ələkbərov vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.
Proses iyunun 25-i davam etdiriləcək.
Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli