Türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxsin nümayəndələri "Mirzəyev partnyorları" bürosunun vəkilləri Dədəkişi Vəlizadə və Rəşad Abdıyev vəsatət qaldırıblar:
Vəsatətdə mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsi əksini tapıb.
Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edilib.
Qərara əsasən, vərəsələr tərəfindən zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilib, lakin təqsirləndirilən şəxsin həbs qoyulması ilə bağlı vəsatət - əmlakın əvvəllər özgəninkiləşdirilməsi səbəbindən təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
Seymur Əli