Cənubi Afrikanın Witwatersrand Universitetinin bir qrup alimi istilik dalğalarının hamilə qadınların orqanizminə və onların uşaqlarının sağlamlığına uzunmüddətli təsirini araşdırıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, həddindən artıq istilər xroniki xəstəlikləri olan körpələrin doğulması riskini artırır.

"Unikal" xəbər verir ki, tədqiqat "BMC Pregnancy and Childbirth" (BMC PC) elmi jurnalında dərc olunub.

Komanda 100 ildən artıq bir dövrü əhatə edən 29 sənədi təhlil edib. Nəticələr göstərib ki, yüksək hərarət yeni doğulanların ürək-damar xəstəlikləri, hipertoniya, uşaqlıq astma və pnevmoniya ilə doğulma şansını artırır.

Hamiləlik dövründə temperaturun hər dərəcə Selsi yüksəlməsi üçün uşaqlıq pnevmoniyası riskinin 85% artdığı təxmin edilir.

Digər tədqiqatlar istiliyə məruz qalmağı psixi xəstəliklərin, o cümlədən yemək pozğunluqlarının və şizofreniyanın inkişafı ilə əlaqələndirib. 

Bu təsirlər daha aşağı ömür uzunluğu ilə nəticələnir. 

"Ana bətnində artan istiliyə məruz qalan insanların soyuq iqlimdə doğulan həmyaşıdlarına nisbətən daha tez öldüyü aşkar edilmişdir", - araşdırmada qeyd olunub, 

Alimlər hamiləlik zamanı istinin gələcək uşağa zərərli təsirinin bir neçə amili müəyyən ediblər. Bunlara ananın sağlamlığının pisləşməsi, dölün inkişafına birbaşa təsirlər, o cümlədən sinir sisteminin anadangəlmə qüsurları, vaxtından əvvəl doğuş riskinin artması və körpənin DNT-sinin zədələnməsi daxildir.

Gülayə Mecid