Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İstanbul Texniki Universiteti (İTU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) birgə təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, 20-22 iyun tarixlərində davam edəcək beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək dəqiq elmlər sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsi olub.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın əhəmiyyətinə toxunub, fundamental elmlərə dair tədqiqatların AzMİU-da prioritet istiqamətlərdən olduğunu qeyd edib. Rektor bildirib ki, konfransa Azərbaycan və dünya alimləri tərəfindən böyük maraq var və bu platforma qlobal səviyyədə riyaziyyat, mexanika və tətbiqləri istiqamətində mövcud problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyətə malikdir.

Professor Gülçöhrə Məmmədova eyni zamanda konfransın AzMİU, RMİ və İTU arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmək hədəfinə sürətlə yaxınlaşdığını deyib. Qeyd edib ki, son 20 ildə universitet ciddi inkişaf yolu keçib. Hazırda AzMİU-da 11 mindən çox tələbə təhsil alır, burada təcrübəli professor-dosent heyəti ilə yanaşı çoxsayda gənc mütəxəssislərdən ibarət yüksək səviyyəli kadrlar çalışır. Son dövrlər universitet həm mütəxəssis hazırlığı, həm də idarəetmə strukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsində ciddi islahatlar aparıb.  Bakalavriatura və magistratura pillələrində bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları moderinləşdirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi və effektiv istifadəsi təhsilin metodikasına bir çox yeniliklər gətirib. Bunların nəticəsi olaraq mütəxəssis hazırlığının keyfiyyəti yüksəlib, məzunlarımız əmək bazarında yüksək qiymətləndirilərək öz ixtisasları üzrə yaxşı işlərlə təmin olunub. 

Professor universitetin Ali riyaziyyat kafedrasının fəaliyyətinə də toxunub. Kafedranın elmi fəaliyyət və elmmetrik göstəriciləri ilə digər kafedralardan fərqləndiyini deyib. Bu konfransın baş tutmasının universitetin riyaziyyat və mexanika sahəsində elmi fəaliyyətinin ilk göstərcisi olduğunu deyib.   

Rektor çıxışı zamanı konfransın nəticələrinin beynəlxalq indeksli jurnallara təqdim olunmasında göstərdiyi dəstəyə görə Humboldt mükafatı alan ilk azərbaycanlı, hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində çalışan professor Məsud Əfəndiyevə öz minnətdarlığını bildirib və alimlərimizin qlobal arenadakı uğurlarının elmimiz üçün böyük motivasiya mənbəyi olduğunu qeyd edib.

Son illər beynəlxalq konfranslara universitetimiz tərəfindən xüsusi diqqətlə yanaşıldığı və alimlərin impakt faktorlu jurnallarda nəşrlərinin realizasiyasında müsbət dinamika yaşandığını diqqətə çatdıran Gülçöhrə Məmmədova bu məqsədlə beynəlxalq konfranslarda iştirakın AzMİU üçün əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Çıxışının sonunda həmtəşkilatçılara təşəkkür edən rektor dünya alimləri ilə birgə diskussiyaların aparılmasının elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov dünyanın sayılıb-seçilən çox qiymətli alimlərini bir araya toplayan konfransın mövzusuna diqqət çəkib. Riyaziyyat və mexanikanın tətbiqlərinin bütün sahələrə nüfuz etdiyini söyləyərək adıçəkilən dəqiq elmlərin önəminə toxunub. Bu gün dünyada fərqli ölkələrdə çalışan alimlərin birgə elmi işlər aparmasına böyük qiymət verildiyini deyərək beynəlxalq konfransın həmin alimləri bir araya toplamaq, dəqiq elmlər sahəsində mövcud elmi və praktiki problemlərin həll yollarını axtarmaq baxımından əhəmiyyətli olacağını söyləyib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini İTU-nun Şimali Kipr filialının rektoru professor Murat Sarı, dünya şöhrətli alim Məsud Əfəndiyev davam etdirərək dəqiq elmlərin ölkədə inkişaf etdirilməsinin və dünya təcrübəsindən yararlanmağın önəmini qeyd ediblər.

Plenar iclaslarda dünya şöhrətli riyaziyyatçı alim professor Məsud Əfəndiyev, dünyada mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, uzun müddət Avropa Riyaziyyatçılar Cəmiyyətinin sədri olan Pavel Eksner və digər alimlərin məruzələri dinlənilib. Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam etdirib.

Qeyd edək ki, konfransa dünyanın qabaqcıl 21 ölkəsindən, o cümlədən Türkiyə, Böyük Britaniya, İtaliya, Çin, Hindistan, Rusiya, Qazaxıstan və Ukraynadan nüfuzlu alimlərin ən son elmi nailiyyətlərinə dair 100-dən çox elmi məqalə təqdim olunub