Ermənistan rəsmi şəkildə Fələstin Dövlətini tanıyıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ermənistan Respublikası BMT Baş Assambleyasının Qəzzada dərhal atəşkəs elan edilməsini tələb edən qətnamələrinə qoşulub. Üstəlik, Ermənistan Respublikası Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı barışıq bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə etmişik və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləmişik. Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur.
Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu